QHT rəhbəri: BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbulu xüsusi əhəmiyyətə malikdir

QHT rəhbəri: BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbulu xüsusi əhəmiyyətə malikdir

Bakı, 12 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq komitəsində Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbul edilməsi ölkəmizin humanitar diplomatiyası, beynəlxalq hüquqa sadiqliyi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin mühüm nəticəsi kimi qiymətləndirilməlidir. Bu hadisə yalnız Azərbaycanın diplomatik uğuru deyil, həm də on illərdir doğmalarının yolunu gözləyən minlərlə ailənin ağrısının beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin (İB) sədri Könül Behbudova deyib.

Azərbaycanın təşəbbüsü beynəlxalq səviyyədə dəstək qazanıb

“Azərbaycan 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında ilk dəfə “İtkin düşmüş şəxslər” məsələsini beynəlxalq gündəliyə gətirib və bu istiqamətdə ardıcıl fəaliyyətini davam etdirib. 2026-cı il noyabrın 10-da BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Üçüncü Komitənin 41-ci plenar iclasında konsensus əsasında müvafiq qətnamə qəbul edilib. Qətnaməyə dünyanın müxtəlif regionlarını təmsil edən 63 dövlət həmmüəllif kimi qoşulub. Azərbaycanın irəli sürdüyü humanitar təşəbbüsün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi məsələnin qlobal əhəmiyyətinin və dövlətlərin ortaq məsuliyyətinin təsdiqidir. Bu qətnamənin konsensusla qəbul edilməsi də xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsinin yalnız bir ölkənin deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində saxlanılmalı olduğunu göstərir”, - deyə ekspert qeyd edib. 

Qətnamədə yer alan mühüm müddəalar

K.Behbudova bildirib ki, qətnamə əvvəlki sənədlərlə müqayisədə bir sıra mühüm müddəaları daha aydın şəkildə ön plana çıxarır: “Birincisi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətlərin öhdəliyi kimi vurğulanır. Silahlı münaqişə tərəfi olan dövlətlər insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmüş şəxslərin harada olduqlarını və talelərini müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırılır.

İkincisi, kütləvi məzarlıqlar məsələsi beynəlxalq gündəlikdə daha konkret yer alır. Qətnamədə ilk dəfə fərdi, kollektiv və kütləvi məzarlıqlara birbaşa istinad edilir. Dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunması istiqamətində dövlətlərarası əməkdaşlığın vacibliyi vurğulanır. Bu müddəa Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlıqlar, insan qalıqlarının identifikasiyası və naməlum dəfn yerlərinin araşdırılması itkinlərin taleyinin aydınlaşdırılmasında mühüm istiqamətlərdir.

Üçüncüsü, cəzasızlığa son qoyulması məsələsi önə çəkilir. İtkin düşmə halları cinayət xarakterli əməllərlə əlaqəli ola bilər. Beynəlxalq humanitar hüququn və insan hüquqları hüququnun pozulmasına görə məsuliyyətin təmin edilməsi, cəzasızlıq hallarına son qoyulması vacib hesab olunur. Bu, itkin ailələrinin yalnız məlumat almaq deyil, həm də həqiqəti, ədaləti və hüquqi məsuliyyəti tələb etmək hüququnun beynəlxalq müstəvidə müdafiəsi baxımından mühümdür.

Dördüncüsü, itkinlər məsələsi sülh proseslərinin tərkib hissəsinə çevrilir. Qətnamədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının sülh və sülh quruculuğu proseslərinə inteqrasiyası təşviq edilir. Bu, çox mühüm yanaşmadır. Çünki itkinlərin taleyi aydınlaşmadan, ailələrin sualları cavablandırılmadan və humanitar problemlər həllini tapmadan davamlı etimadın və barışığın formalaşdırılması çətinləşir.

Beşincisi, mina təhlükəsinin yaratdığı maneələr diqqətə çatdırılır.

Minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin axtarışına mane olduğu qeyd edilir. Bu müddəa da Azərbaycan reallığı ilə birbaşa səsləşir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi axtarış, qazıntı və identifikasiya işlərini çətinləşdirən ciddi humanitar problemdir.

Bundan başqa, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi istənilir. Həmçinin yüksəksəviyyəli qeyri-rəsmi iclasın keçirilməsi də nəzərdə tutulur”.

Qətnamənin mənəvi və tarixi əhəmiyyəti

İB sədri vurğulayıb ki, Azərbaycan xalqı itkin problemini on illərdir yaşayır. Azərbaycanın rəsmi məlumatlarında 4010 şəxsin itkin düşmüş kimi qeydiyyatda olduğu bildirilir. Bu rəqəmin arxasında minlərlə ailənin yarımçıq qalmış həyatı, cavabsız sualları, bitməyən gözləntisi dayanır. İtkin düşmüş şəxsin ailəsi üçün ən ağır məqam onun nə yaşadığını, harada olduğunu, hansı şəraitdə həyatını itirdiyini və harada dəfn edildiyini bilməməkdir.

“İtkin düşmüş şəxslər məsələsinin sülh danışıqlarında və beynəlxalq humanitar platformalarda davamlı şəkildə gündəmdə saxlanılmalıdır. Xüsusilə qeyri-hökumət təşkilatları qətnamənin müddəalarının ictimaiyyətə çatdırılması, beynəlxalq platformalarda təşviqi və icrasına ictimai nəzarətin gücləndirilməsi istiqamətində fəallıq göstərilməlidir. Eyni zamanda, itkin ailələrinin beynəlxalq tədbirlərdə iştirakı genişləndirilməlidir. İtkin analarının və ailə üzvlərinin şahidlikləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. İtkin şəxslərin həyat hekayələrinin sənədləşdirilməsi və beynəlxalq informasiya platformalarında yayılması təmin olunmalıdır. BMT qətnaməsinin icrasına dair vətəndaş cəmiyyətinin monitorinq və maarifləndirmə təşəbbüsləri inkişaf etdirilməlidir”, - deyə o bildirib.

“Azərbaycanın 2002-ci ildən başladığı bu təşəbbüsü ardıcıl şəkildə davam etdirməsi dövlətimizin itkin düşmüş şəxslər məsələsinə nə qədər böyük həssaslıqla yanaşdığını göstərir.

İnanıram ki, qəbul edilmiş qətnamə beynəlxalq əməkdaşlığın güclənməsinə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, kütləvi məzarlıqların araşdırılmasına və ailələrin illərdir gözlədiyi həqiqətin üzə çıxmasına real töhfə verəcək”, - deyə K.Behbudova qeyd edib.

Müxbir - Günel Türksoy

Paylaş:

Oxşar xəbərlər