Qədim dövlətçilik və zəngin mədəniyyət beşiyi, dahi Nizaminin yurdu Gəncə şəhəri 2026-cı il noyabrın 5–6-da möhtəşəm ictimai-siyasi əhəmiyyətə malik tədbirə – Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının IV-cü Əməkdaşlıq Forumuna ev sahibliyi etdi.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən Forum strateji məzmunu, geniş iştirakçı coğrafiyası, müzakirələrin əhatə dairəsi, yüksək Zəfər ovqatı və mükəmməl təşkilatçılığı ilə Azərbaycan vətəndaş cəmiyyətinin potensialını, institusional inkişafını və əldə etdiyi nəticələri bir daha nümayiş etdirdi.
Gəncə Forumu Bakıda, Zəngilanda və Xankəndidə keçirilmiş əvvəlki üç Forumun davamı olmaqla yanaşı, həmin platformalarda müəyyənləşdirilmiş strateji məqsəd və hədəflərin hansı səviyyədə reallaşdırıldığının qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Əvvəlki forumlarda milli vətəndaş cəmiyyətinin yeni dövrün çağırışlarına uyğunlaşması, postmünaqişə dövründə bərpa və quruculuq proseslərinə, Böyük Qayıdış proqramına inteqrasiyası, formal fəaliyyət modelindən konkret və ölçülə bilən nəticələrə əsaslanan fəaliyyətə keçid əsas prioritetlər kimi müəyyən edilmişdi.
Gəncədə aparılan müzakirələr, səsləndirilən fikirlər və təqdim olunan nəticələr göstərdi ki, bu hədəflər yalnız bəyanat səviyyəsində qalmamış, ardıcıl institusional islahatlar və praktiki fəaliyyət vasitəsilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkənin ictimai-siyasi həyatında olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafında da yeni reallıqlar yaratdı. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ölkənin qarşısında duran yeni vəzifələr QHT sektorunun fəaliyyət fəlsəfəsinin yenilənməsini, milli maraqlara, dövlətin inkişaf strategiyasına və müasir çağırışlara uyğunlaşmasını zəruri
İctimai görünürlük və informasiya məkanında QHT-lərin artan rolu
QHT sektorunun inkişafının mühüm göstəricilərindən biri də onun ictimai və informasiya məkanında görünürlüğünün artmasıdır. Medianın İnkişafı Agentliyinin monitorinqlərinə istinadən təqdim edilən məlumatlarda 2025-ci ildə respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan informasiyaların ümumi informasiya axınında təxminən 9 faizdən çox təşkil etməsi vətəndaş cəmiyyətinin ictimai müzakirələrdə artan iştirakının göstəricisi kimi qiymətləndirilə bilər.
Bu dinamika QHT-lərin yalnız layihə icraçısı deyil, həm də ictimai rəyin formalaşmasında, sosial problemlərin gündəmə gətirilməsində, vətəndaş təşəbbüslərinin təşviqində və dövlət–cəmiyyət dialoqunun inkişafında fəal iştirakçıya çevrildiyini göstərir.
Müasir dövrdə güclü vətəndaş cəmiyyəti yalnız təşkilatların sayının çoxluğu ilə ölçülmür. Onun əsas gücü ictimai etimad, peşəkarlıq, təşəbbüskarlıq, şəffaflıq, sosial məsuliyyət və real nəticələr yaratmaq bacarığı ilə müəyyən olunur.
Azərbaycan vətəndaş cəmiyyəti qarşısında duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq prosesində, Böyük Qayıdış proqramının həyata keçirilməsində fəal iştirakdır.
QHT-lərin bu prosesdə rolu yalnız humanitar yardımla və sosial layihələrlə məhdudlaşmamalıdır. İctimai iştirakçılığın təşviqi, əhalinin sosial adaptasiyası, məşğulluq, təhsil, ekoloji maarifləndirmə, mədəni irsin qorunması, qadınların və gənclərin ictimai həyata inteqrasiyası kimi istiqamətlərdə vətəndaş cəmiyyətinin potensialından daha geniş istifadə edilməlidir.
Xüsusilə, uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış prosesində QHT-lərin sosial-psixoloji dəstək, icma quruculuğu və ictimai həmrəylik istiqamətində fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın quruculuq modelinin təbliği, erməni işğalının nəticələrinin və dağıdılmış mədəni irsin sənədləşdirilməsi də QHT-lərin mühüm fəaliyyət istiqamətlərindən biri olmalıdır.
Bu baxımdan, Gəncə Forumunun məhz regionda keçirilməsi vətəndaş cəmiyyətinin ölkənin ümumi inkişaf strategiyasına inteqrasiyası baxımından həm rəmzi, həm də praktiki məna daşıyır.
Forumun Gəncə şəhərində keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə tarixi-mədəni irsi, milli-mənəvi dəyərləri ilə yanaşı, müasir tariximizin ağrılı səhifələrini də özündə yaşadır.
Forum iştirakçılarının Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi Azərbaycanın zəngin ədəbi-mədəni irsinə ehtiramın ifadəsi idi. Gəncə Memorial Kompleksinə səfər isə şəhərin üzləşdiyi terror faciələrinin, mülki əhaliyə qarşı törədilmiş cinayətlərin və müharibənin ağır nəticələrinin unudulmadığını bir daha nümayiş etdirdi.
Mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyunu da Forumun ən yaddaqalan və humanist məqamlarından biri kimi diqqət çəkdi. Bu tədbir müharibənin insan həyatında yaratdığı ağır fəsadlara diqqət çəkməklə yanaşı, fiziki məhdudiyyətlərin insan iradəsi, əzmkarlıq və cəmiyyətin dəstəyi qarşısında maneə olmadığını nümayiş etdirdi.
Belə tədbirlər vətəndaş cəmiyyətinin yalnız sosial problemləri müzakirə edən platforma deyil, həm də insan ləyaqətini, həmrəyliyi, milli yaddaşı və humanizm dəyərlərini yaşadan mühüm ictimai institut olduğunu göstərir.
Gəncə Forumunun ortaya qoyduğu əsas nəticələrdən biri budur ki, Azərbaycan QHT sektoru artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə əsas məsələ əldə edilmiş institusional nailiyyətləri dayanıqlı nəticələrə çevirmək, təşkilatların peşəkarlığını artırmaq, regional və beynəlxalq əməkdaşlığı genişləndirmək, ictimai təsir imkanlarını gücləndirməkdir.
Unutmaq olmaz ki, güclü dövlət yalnız güclü iqtisadiyyat, müasir infrastruktur və siyasi institutlarla deyil, həm də fəal, məsuliyyətli və təşəbbüskar vətəndaş cəmiyyəti ilə tamamlanır.
Azərbaycan QHT-lərinin 4-cü Əməkdaşlıq Forumu bir daha göstərdi ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ardıcıl dövlət siyasətinin, institusional islahatların və ictimai təşəbbüslərin qarşılıqlı tamamlanması əsasında yeni mərhələyə yüksəlir.
Bakı, Zəngilan, Xankəndi və Gəncədə keçirilən dörd forumun ümumi məzmunu vətəndaş cəmiyyətinin inkişafında ardıcıl bir yol xəritəsinin formalaşdığını nümayiş etdirir. Bu yol dövlət–QHT əməkdaşlığının möhkəmləndirilməsindən başlayaraq, milli inkişaf strategiyasına töhfə verən, beynəlxalq platformalarda ölkəmizin mövqeyini müdafiə edən, sosial problemlərin həllində fəal iştirak edən güclü vətəndaş cəmiyyətinin qurulmasına doğru istiqamətlənib.
Gəncə Forumu yalnız iki günlük tədbir deyil, həm də ötən dövrün nəticələrinin qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm ictimai platforma oldu.
Ən başlıcası, Forum bir həqiqəti təsdiqlədi: Azərbaycanın gücü dövlətin qüdrəti, xalqın birliyi, milli həmrəyliyi və fəal vətəndaş cəmiyyətinin qarşılıqlı vəhdətindədir.
Bu baxımdan, Gəncə Forumu QHT sektorunun keçdiyi inkişaf yolunun hesabatı olmaqla yanaşı, qarşıdakı illərin daha böyük hədəflərinə doğru yeni başlanğıc kimi də dəyərləndirilməlidir.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Sədri: Könül Behbudova .
6 noyabr 2026 Bakı-Gəncə





