“30 avqust beynəlxalq itkinlər günü” münasibətilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin bəyanatı

“30 avqust beynəlxalq itkinlər günü” münasibətilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin bəyanatı

XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, nəticədə I Qarabağ müharibəsində dörd min nəfərə yaxın Azərbaycan vətəndaşı itkin düşmüşdür. Təəssüf ki, hərbi təcavüz nəticəsində hərbçilərlə yanaşı, aralarında uşaqların, qadınların və qocaların da olduğu yeddi yüzdən artıq mülki şəxs də itkin düşmüşdür.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib.

Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşmüş, bütöv ailələr və nəsillər məhv edilmişdir. Araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə bu illər ərzində heç bir məlumat verilməmişdir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.

Faktlar və şahid ifadələri təsdiq edir ki, I Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüquq normaları kobud halda pozularaq mülki əhali hədəfə alınmış, qarşı tərəfin yaşayış məntəqələrinə qəfil hücumu zamanı evlərini tərk edə bilməyən ahıl insanlar yaşadıqları evlərlə birlikdə yandırılmış, döyülərək ağır işgəncələrə məruz qalmış, ağaclardan asılmış və ya güllələnmişlər.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin 30 ildən çoxdur ki, itkin düşmüş azərbaycanlıların ailə üzvləri bu hüquqdan məhrum edilmişdir. Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina etməsi onların ailələrini əzab və iztirablara məhkum etmişdir. Ermənistanın qeyri-humanist mövqeyi nəticəsində minlərlə itkin ailəsi 30 ildir ki, bu dəhşətli faciənin acısı ilə yaşamağa məcbur edilmiş, yaxınları barədə məlumat ala bilməmişlər.

Məlumdur ki, I Qarabağ müharibəsində işğal edilmiş Azərbaycan əraziləri 30 il ərzində Ermənistan ordusunun nəzarətində olmuşdur. Bu səbəbdən itkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatlar Ermənistan tərəfindədir. Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyanın 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsi bunu bir daha təsdiq edir.

Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirmişdir. Məsələ ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistana rəsmi müraciət edilsə də, cavab alınmamışdır.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son üç ildə üç yüzdən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilmişdir.

Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması itkin ailələrində böyük ümidlər yaradır. Ancaq qısa müddətdə 10 kütləvi məzarlığın və yaxınlarımızın işgəncələrlə qətl edilərək qeyri-insani halda basdırılması faktlarının aşkar edilməsi qəlbimizi göynədir.

Təhlillər, o cümlədən Q.Melkonyanın məlumatı yeni-yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir. İnsanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlikdir.

Biz – Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfərə yaxın azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından Ermənistanın Baş Naziri Nikol Paşinyandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin kütləvi məzarlıqlar barədə məlumatların Azərbaycan tərəfinə təqdim edilməsini tələb edirik.

Q.Melkonyan Ermənistanın Baş Nazirinin rəhbərlik etdiyi siyasi partiyadandır və buna görə də, N.Paşinyan ən azı Q.Melkonyanın öz müsahibəsində bildirdiyi kütləvi məzarlığın yeri barədə məlumatın Azərbaycan tərəfinə verilməsini təmin edə bilər.
Biz, həm də Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişeli, ABŞ dövlət katibi Antoni Blinkeni itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim olunması üçün Ermənistana çağırış etməyə və təzyiq göstərməyə çağırırıq.

Beynəlxalq Qızıl Xaç Komitəsini və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanı bu sahədə səylərini daha da artırmağa çağırırıq.

İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Buna görə də, BMT baş katibi cənab Antonio Quterreşi BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisini təyin etməyə çağırırıq.

Biz – azərbaycanlı itkin ailələri dünyada baş verən bütün silahlı münaqişələrin tezliklə başa çatmasını, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən asılı olmayaraq heç bir insanın itkin düşməməsini arzu edirik.

İmza:

Könül Behbudova

“Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri

30 avqust 2023-cü il

Paylaş:

Oxşar xəbərlər