- Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistanın siyasi dairələrinin və mediasının reaksiyaları ilk növbədə bir həqiqəti göstərir: Ermənistan hələ də sülhə hazır deyil.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu ərazilərə diplomatik nümayəndələrin səfərinin təşkil edilməsi Azərbaycanın daxili və xarici siyasətinin legitim istiqamətlərindən biridir .
Bu fikirləri açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin (İB) sədri Könül Behbudova söyləyib.
O bildirib ki, Qarabağ Azərbaycan tarixinin, mədəniyyətinin və dövlətçilik irsinin mühüm hissəsidir. Bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin müxtəlif nümunələri mövcuddur. Buna görə də xarici diplomatların Qarabağa səfər edərək bölgədə aparılan bərpa-quruculuq işləri, minalardan təmizləmə prosesi, yeni yaşayış məntəqələri və sosial infrastrukturla tanış olması Azərbaycanın mövcud reallıqlarını yerində görmək baxımından əhəmiyyətlidir.
“Ermənistanda səsləndirilən reaksiyalarda səfərin qarşısının alınmasına və diplomatların mövqeyinə təsir göstərilməsinə yönələn çağırışların olması xüsusilə narahatedicidir. Ermənistanın bəzi siyasi və ictimai dairələrinin xarici diplomatların Azərbaycanın ərazisinə səfərini belə qəbul etməməsi erməni cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı ciddi problemlərin hələ də mövcud olduğunu göstərir. Sülh prosesində əldə olunmuş razılaşmalar və qarşılıqlı etimad baxımından bundan sonra əsas məsələ yeni reallıqların qəbul edilməsi və qarşı tərəfin suverenliyinə hörmət əsasında münasibətlərin qurulmasıdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərləri bundan sonra da təşkil edəcək. Xarici diplomatların bu ərazilərə səfəri Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsidir və başqa dövlətlərin daxili siyasi müzakirəsinin predmeti olmamalıdır. Sülh yalnız bəyanatlarla deyil, yeni reallıqlara hörmət, qarşılıqlı suverenliyin tanınması və düşmənçilik ritorikasından imtina ilə möhkəmlənə bilər. Bu baxımdan diplomatlara qarşı təzyiq xarakterli ritorikanın əvəzinə dialoq və qarşılıqlı hörmətə əsaslanan yanaşmanın seçilməsi regional sülh prosesinə töhfə verə bilər”, – deyə İB sədri vurğulayıb. (AZƏRTAC)
https://vetensesi.az/page/10/news/55397